Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli səhiyyə sistemi, səhiyyədə ənənəviliklə müasirliyin üzvi vəhdətinin təmin olunması, eləcə də Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğunlaşdırılması prinsiplərinə əsaslanır. Hazırda səhiyyənin və xüsusilə də ali tibb təhsilinin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək qayğı və diqqət göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm yer verilməsi sayəsində böyük uğurlar qazanılmaqdadır.

Naxçıvan Dövlət Universitetində də ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmiş, xüsusilə tibb sahəsi üzrə kadr hazırlığı həmişə diqqətdə saxlanılmışdır.
Tibb təhsili bütün dünyada da ən əhəmiyyətli və populyar sahələrdən biridir. Tibb sektoru çox vacib bir sektor olduğu üçün bu sektorda çalışan hər bir fərdin hazırlığına çox həssaslıqla yanaşılır.

Təhsilin mühüm sütunlarından olan tibb təhsili universal xarakter daşıyır və onun inkişafı üçün universal biliklərə malik kadrlar lazımdır. Tibb təhsilində əsas kompetensiyalar kimi müəyyən edilən bacarıqların əldə edilməsi üçün müəyyən standartlara əməl edilməlidir. Bu mənada bu standartların hansı sahələrdə və necə qurulacağını müəyyən etmək vacib məsələdir.

Tibb ixtisasları üzrə məzunların malik olmalı olduğu əsas meyarlar, gələcək həkimlərin təhsil aldıqları və xidmət göstərəcəkləri cəmiyyətin ehtiyaclarına, eləcə də minimal beynəlxalq tələblərə cavab verəcək səviyyədə olmalıdır. Bu baxımdan beynəlxalq standartların müəyyən edilməsi və bu standartların tətbiqi; ümumi təhsil standartlarını təkmilləşdirmək, diplomların qarşılıqlı tanınmasını təmin etmək, müəssisələr arasında müqayisələr aparmaq və tibb fakültələrinin səlahiyyətlərini qiymətləndirmək lazımdır.

Tibb elminin nə qədər dinamik olduğunu və tibb təhsili təcrübələrinin nə qədər tez dəyişdiyini nəzərə alsaq, bu təhsilin ən yaxşı şəkildə necə çatdırılması axtarışlarının sürətlənməyə davam etməsi aydın olur. Bu axtarışlara paralel olaraq dünyanın tibb fakültələrində müxtəlif təhsil modelləri qəbul edilərək tətbiq edilir. Problemli öyrənmə, tapşırıq əsasında öyrənmə, nəticəyə əsaslanan öyrənmə və sübuta əsaslanan öyrənmə bunlardan bəziləridir. Fərqli təhsil modellərini həyata keçirən qurumların hər biri əsasən ideala çatmaq və tələbələrini keyfiyyətli mühitdə peşəkar həyatlarına hazırlamaq məqsədi daşıyır.

Həyata keçirilən təhsil modelləri ilə nəzərdə tutulan keyfiyyət standartlarına nail olmaq olarmı və bu vəziyyətə necə nəzarət etmək olar?

Ümumdünya Tibb Təhsili Federasiyasının “Bakalavriat Tibb Təhsilində Keyfiyyətin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Qaydalar” adlı hesabatında izah etdiyi kimi, “Dünyada 1500-dən çox tibb fakültəsi xarici qiymətləndirmə və ixtisas prosedurlarına tabedir”.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Tibb təhsilindəki problemləri müzakirə etmək, müasir yanaşmaları tətbiq etmək, peşəkar kadr hazırlığı üçün keyfiyyətli mühit formalaşdırmaq, fərqli təhsil modellərini müqayisə etmək, yeni tədris proqramlarının hazırlanmasına təkliflər vermək və s. nəzərə alaraq respublikamızda Tibb təhsilinə dair hər il davam etməsi planlaşdırılan konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Kağızın ölçüsü: A4

Boş sahə: hər tərəfdən 2 sm

Şrift: Times New Roman, 12 pt

Sətirarası interval: 1,15 sm.

Abzas: 1,25 sm

Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə

İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə

E-poçt ünvanı: ortadan, qalın şriftlə

Açar sözlər (3-5 söz): Azərbaycan, ingilis və rus dillərində

Xülasə (200-300 söz): məqalənin yazıldığı dildən başqa iki dildə

Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)

Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə.

Nümunə üçün: (Səmədova, 2024, s. 393)

Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.